Bakının Yasamal rayonunda vətəndaşı təhqir edən polis orqandan xaric edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bildirilib ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib: “Qadına və onun həyat yoldaşının ünvanına qarşı yersiz ifadə işlədən polis əməkdaşı Daxili İşlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib”.
***
09:47
Daxili İşlər Nazirliyi yasamalda qadına qarşı kobud ifadə işlədən əməkdaş barədə məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib. Bu da bağışlanmaz hal kimi qiymətləndirilib.
Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilmiş və ondan üzr istənilib. Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib.
Qeyd edək ki, iyunun 7-də Yasamal rayonu Dadaş bünyadzadə küçəsindəki binanın sakinləri xidmət aparan polis əməkdaşlarının üzrəinə zibil atıb. İyunun 8-də isə həmin binada keçirilən əməliyyat zamanı həmin 11 nəfər saxlanılıb. Əməliyyat zamanı polisin qadına "ərin də, sən də dovşansınız" deməsi isə sosial şəbəkə istifadəçiləri arasında sərt reaksiyasına səbəb olmuşdu.